Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Əsədov: “Qarabağ” və “Neftçi”yə ən böyük problemi “Sabah” yaradacaq” 

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümü sürpriz nəticələrlə start götürüb...

Çempionluğa iddialılardan “Qarabağ” və “Neftçi” ilk turda məğlubiyyətlə üzləşiblərsə, “Sabah” “Qəbələ”ni darmadağın edib.

“Turan Tovuz” və “Sumqayıt” isə səfər matçlarından böyükhesablı qələbə ilə dönüblər.

Azərbaycan millisinin məşqçisi Arif Əsədov oyunları və komandaların hazırkı durumunu dəyərləndirib.

53 yaşlı mütəxəssis “Report”a müsahibəsində çempionluğa əsas favoritlərini də açıqlayıb.

- Son çempion “Qarabağ” ilk turda öz meydanında “Zirə”yə 0:1 hesabı ilə məğlub olub. UEFA Çempionlar Liqasındakı uğursuz çıxışın bu nəticəyə təsiri ola bilərmi?

- Mütləq şəkildə təsirsiz ötüşməyib. “Qarabağ”ın Polşa klubu “Rakuv”la görüşlərdəki nəticəsi futbol ictimaiyyəti kimi, komanda daxilində olan insanları da məyus etdi. İstər-istəməz bunun psixoloji təsiri var. “Zirə” də həmin qarşılaşmada özünü yaxşı tərəfdən göstərdi. Ötən mövsümlə müqayisədə komandada həm heyət, həm də oyun baxımından irəliləyiş hiss olunurdu. Düzdür, Ağdam klubunun heyətində rotasiyalar olmuşdu. Avrokubok matçlarında çıxış etməyən futbolçulara şans verilmişdi. Bununla “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Fakt odur ki, “Qarabağ” hazırda bütün fikrini avrokuboklara yönəldib. Bu səbəbdən ilk turlarda xal itkisinin olması təbiidir. Əvvəlki mövsümlərdə də bunun şahidi olmuşuq. Məncə, “Qarabağ” bu itkiləri qarşıdakı matçlarda sığortalayacaq.

- “Qarabağ”dan fərqli olaraq, “Neftçi” Avropa arenasında uğurlu başlanğıc etdi, heyətdə ciddi dəyişikliklərə əl atdı. Bunun fonunda “Kəpəz”ə məğlubiyyəti (0:1) sensasiya saymaq olar?

- “Neftçi”də vəziyyət bir qədər fərqlidir. “Qarabağ”la müqayisədə onların rotasiya etmək üçün iki eyni gücə malik heyəti yoxdur. Doğrudur, transferlər edilir. Amma bəziləri zədəlidir, bəziləri kollektivə sonradan qoşulub. “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu da hazırlığa gec qoşuldu. Birdən-birə yüksək səviyyəli komandaların iştirak etdiyi turnirə qatıldılar. Çempionatın startından əvvəl komandanın özəyini qurmaq vacibdir. Məncə, “Neftçi”də bu baxımdan axsamalar olduğu üçün komanda bunun əziyyətini çəkir. Üç gündən bir oynamaq hələ “ağ-qaralar” üçün çətin olacaq. “Kəpəz”in qələbəsini də xüsusi qeyd edərdim. Gəncədə oynamaq hər bir rəqib üçün çətindir. Çoxları “Kəpəz”dən bu nəticəni gözləmirdi. Məncə, bu komanda yenə sürprizlər edəcək.

- Düşünmürsünüz ki, “Sabah” avrokuboklarda iştirak etmiş “Qəbələ”nin qapısından beş cavabsız top keçirməklə çempionluq yarışında “Qarabağ” və “Neftçi”yə indidən meydan oxudu?

- “Sabah” hərtərəfli ən hazırlıqlı komandadır. “Qarabağ” və “Neftçi” ilə müqayisədə onlar toplanışı daha rahat keçirdilər. Oturuşmuş heyəti qorudular və lazımi nöqtələrə istənilən səviyyədə transferlər oldu. Bərabər gücə malik iki heyətləri olduğu üçün rotasiyalar etdikdə fərq hiss olunmur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, “Sabah”ın çempionluq şansı kifayət qədər yüksəkdir. “Qarabağ” və “Neftçi”yə çempionluq yarışında ən böyük problemi “Sabah” yaradacaq.
- Bu üç komandanın çempionluğa iddia edəcəyini proqnozlaşdırırsınız?

- “Qarabağ” və “Sabah”la yanaşı, bu yarışa “Neftçi” və “Zirə”ni də qatmaq olar.

- Yəni “Zirə”nin çempionluğa oynayacağını hesab edirsiniz?

- Bəlkə də, qarşılarına ilk “üçlüy”ə düşməyi məqsəd qoyublar, bunu bilmirəm. Məncə, çempionluq uğrunda “Zirə” də “vuruşa” bilər.

- Ötən mövsüm ölkə kubokunu qazanan, Premyer Liqada dördüncü yeri tutan “Qəbələ” 0:5 hesabı il uduzdu. “Qırmızı-qaralar”ın bu mövsüm yuxarı yerlərə iddia etməyəcəyini düşünmək olar?

- İddiasız olacaqlarına inanmıram. Bu klubun strategiyası elədir ki, təzyiqsiz öz yoluna davam edir. Həmişə mövsümün startında belə vəziyyətlə üzləşirlər. Komandadan gedənlər çox olur, yeni gələnlər kollektivə gec qoşulurlar. Bu da müxtəlif çətinliklər yaradır. Amma görünən odur ki, yayda komandadan ayrılan futbolçular yeni gələnlərdən daha səviyyəlidirlər. Bəlkə də, yenilər bir neçə turdan sonra daha yaxşı təsir bağışlayacaqlar. Xüsusən də, Ruan Renato və İsnik Aliminin yoxluğunu qeyd edərdim. Onlar əsl lider, meydanda məşqçi kimi idilər. Yenə də, fikrimcə, “Qəbələ” bu dəfə də avrokuboklara vəsiqə uğrunda yarışacaq.

- Yayda heyətində ciddi dəyişikliklər edən “Səbail”lə “Sumqayıt” birincilərin meydanında üz-üzə gəldilər. “Səbail”in doğma arenasında 1:4 hesabı ilə uduzmasını nə ilə əlaqələndirmək olar?

- Bu nəticə əsl sürpriz oldu. Gözləntilər başqa idi. Hazırlıq dönəmində ən yaxşı nəticələri “Səbail” göstərmişdi, yüksək səviyyəli rəqiblərlə yoxlama görüşlərində uduzmamışdılar. Komandaya çox sayda yeni futbolçu cəlb olundu. “Sumqayıt”ın əməyini kiçiltmək istəmirəm. Ancaq sanki “Səbail” oyuna arxayın çıxmışdı. Və ya yeni transferlər çempionatımızı hələ hiss etməyiblər. Bəlkə də, yoxlama görüşlərindəki qələbələr futbolçularda arxayınlığa səbəb olmuşdu. “Sumqayıt”ın ötən mövsüm elitada qalmaq uğrunda mübarizə apardığını göz önünə gətirərək, rahat qələbə qazanacaqlarını düşünə bilərdilər. Matçın gedişində isə dönüş yarada bilmədilər.

- Yenidən elitaya qayıdan “Araz-Naxçıvan” “Turan Tovuz” önündə pis təsir bağışlamasa da, 0:3 hesabı ilə uduzdu. Demək olarmı ki, bu cütdə həlledici rolu təcrübə oynadı?

İlk dəqiqələr bərabər səviyyədə keçdi. Hətta ilk qol imkanını “Araz-Naxçıvan” yaratdı, zərbədən sonra top tirə dəydi. Bu matçda hesabı açan tərəf böyük üstünlük qazanacaqdı. Məncə, təcrübə öz sözünü dedi. Rəqibi ilə müqayisədə “Turan Tovuz”un “oturuşmuş” heyəti var. Hesab edirəm ki, bu “Araz-Naxçıvan” komandalara başağrısı olacaq. Digər tərəfdən, onların öz meydanlarında çıxış etmədiklərini də nəzərə almaq lazımdır. Məncə, qarşılaşma Naxçıvanda baş tutsaydı, belə nəticə qeydə alınmazdı. Komanda Naxçıvana qayıtdıqdan sonra rəqiblər oradan rahatlıqla qələbə ilə dönə bilməyəcəklər.

Poliqon.info


Etiket: Arif Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar